Xəbərlər
Aprel 2022


Hörmətli oxucularımız!
Bahar təravətli martda yenidən Sizləri salamlayıram. Təbiətin və insanların ruhunun yeniləndiyi baharda oxucularımıza maraqlı rubrikalarla bol jurnal hazırlamışıq.
Mart ayı Yuli Sezarın təqvim islahatından əvvəl Qədim Romada ilin birinci ayı sayılırdı. Romada mart ayının adı, Roma müharibə tanrısı olan “Martius” idi. İqlimi nisbətən mülayim olan qədim Romada mart ayı yazın ilk ayı olaraq, əkin işlərinin başlanğıcı üçün məntiqi hesab edilirdi və müharibəyə başlamaq üçün uğurlu ay sayılırdı. Bu ayda romalılar Martiusa xüsusi ehtiram göstərirdilər ki, onların üzərinə müharibə göndərməsin və onun şərəfinə qurbanlar kəsirdilər.

Unutmaq olmaz ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edərək, onlara Allahdan rəhmət diləyirik.

Jurnalımızın bu sayında APFM-in ilk peşəkar qadın mühasibi Məhəbbət xanımla maraqlı müsahibə, ölkəmizin tarixində xüsusi iz qoyan məşhur xanımlar barədə məlumatı, Beynəlxalq Qadınlar Günü münasibəti ilə APFM xanımlarının təbriklərini, Novruz bayramına həsr olunmuş unudulmaz adət-ənənələri Sizlərə təqdim edirik.
Fürsətdən istifadə edərək, hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, həyatınızın bahar təravətli, süfrənizin ruzi-bərəkətli olmasını diləyirəm. Ölkəmizin xanımlarına isə hər zaman belə ğözəl, baxımlı və daim gülərüz qalmalarını arzulayıram.

Evi ev edən arvad, yurdu yurd edən dövlət...

Hörmətlə,
Baş redaktor Sevinc Lütfəliyeva