Beynəlxalq Summit
Ənənəvi olaraq hər il olduğu kimi bu il də 05-09 noyabr 2022-ci il tarixində London şəhərində ICB/ICFM Global - Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı-Sertifikatlı Maliyyə Menecerləri İnstitutu tərəfindən Avropanın və MDB-nin beynəlxalq peşəkar mühasibat təşkilatlarının, aparıcı şirkətlərinin nümayəndələrinin, mühasibat, vergi, investisiya, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin, mühasib, maliyyə menecerlərinin iştirakı ilə növbəti Beynəlxalq Summit keçirildi. Bu tədbir 2023-cü ildə MHBS-da tətbiq olunan dəyişikliklərin müzakirəsinə, maliyyə, daxili nəzarət, mühasibatlıq sahəsində yeni məlumatların əldə edilməsinə həsr olunduğu üçün mühüm əhəmiyyət kəsb edirdi. Tədbirdə ICB/ICFM-in Azərbaycan nümayəndələri- Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) üzvləri iştirak etdilər. Summit çərçivəsində mühasib və maliyyəçi peşəsinin, eləcə də iqtisadiyyatın inkişafına töhfə verən, mühasiblərin nüfuzunun yüksəldilməsində rolu olan şirkətlər və maliyyəçilərə 13-cü Beynəlxalq LUCA mükafatının təqdimat mərasimi keçirildi. Mühasibatlıq dünyasının oskarı sayılan bu mükafat Luca Paciolinin şərəfinə təsis edilmiş və maliyyə sahəsinin yüksək nailiyyətlərini tanıdan nüfuzlu mükafat sayılır. Böyük qürur hissi ilə bildiririk ki, hər zaman mühasib peşəsinin inkişafına verdikləri töhfələri ilə zirvədə olan APFM üzvləri (ölkənin nüfuzlu təşkilatlarının – Azərbaycan Respublikası Dövlət Neft Fondu, SOCAR, Azərenerji ASC, Azərişıq ASC, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, Aztelekom MMC və digər qurumların maliyyə sahəsində çalışan mütəxəssisləri) də bu tədbirdə Azərbaycanı təmsil edərək müxtəlif nominasiyalar üzrə "LUCA 2022" mükafatı ilə təltif olundular. Mükafatlar rəsmi ziyafətdə Sertifikatlaşmış Maliyyə Menecerləri Institutunun İcraçı direktoru Garry Carter tərəfindən təqdim olundu. “Best Tutor” (İlin Təlimçisi) Rauf Rzayev-APFM
“For Contribution to the Development of Financial Profession” (Maliyyə peşəsinin inkişafina verdiyi töhfəyə görə) Sevinc Lütfəliyeva - Azərbaycan Respublikası Dövlət Neft Fondu Rəşad Əsgərov- SOCAR Namiq Orucov -Azərişıq ASC
Best Company / Best Enterprise (İlin şirkəti) Azərenerji ASC Azərişıq ASC
Best Financial Director (İlin Maliyyə Direktoru) Namiq Orucov - Azərişıq ASC
“Best Financial Manager in public procurement” (Dövlət satınalmaları üzrə İlin Maliyyə Meneceri) İdrak Ələkbərov- Azərişıq ASC
Best Financial Manager (İlin Maliyyə Meneceri) Kəmaləddin Quliyev- Aztelekom MMC
Best Financier (İlin Maliyyəçi) Rasim Həsənov- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
08 noyabr 2022-ci il tarixində isə Sammit çərçivəsində ICB/ICFM Global nümayəndələri üçün Böyük Britaniyanın parlamentində səhər yeməyi təşkil olundu və Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak etdi. Görüşdə Lord Palatasının üzvü John Randall çıxış edərək Sammitin müxtəlif ölkələrdən olan maliyyə mütəxəssislərinin bir araya gəlməsində və beynəlxalq təcrübə əldə etməsində rolunu yüksək qiymətləndirdi və əhəmiyyətini bir daha vurğuladı. O, hər bir ölkənin nümayəndələri, eləcə də Azərbaycan nümayəndə heyətinin üzvləri ilə ayrılıqda müzakirələr apardı. Həmin gün Böyük Qələbə sevincini yaşayan qalib ölkənin nümayəndələri adından John Randalla Xarı Bülbül simvolu hədiyyə edildi və böyük qurur hissi bütün iştirakçılara onun tarixçəsi, Qarabağ həqiqətləri izah olundu. Sammit çərçivəsində həmçinin beynəlxalq mühasibat təşkilatlarının nümayəndələri ilə görüşlər keçirildi, mühasib və maliyyə menecerlərinin, maliyyə mütəxəssislərinin peşəkar inkişafı üzrə beynəlxalq əməkdaşlıq istiqamətləri müzakirə olundu. Bu gün APFM üzvlərinin beynəlxalq tədbirlərdə iştirak etməsi, mükafatlar alması, ölkəmizi yüksək səviyyədə təmsil etməsi- təcrübəli mütəxəssislərimizin dünya miqyasında tanınmasına, onların beynəlxalq səviyyədə hazırlanması istiqamətində aparılan işlərin uğurla davam etdirilməsinə böyük bir töhfədir.