Xəbərlər

16 noyabr 2014

APFM geniş nümayəndə heyəti tərkibi ilə İtaliyanın Roma şəhərində keçirilən Mühasiblərin 19-cu Dünya Konqresində (WCOA 2014) iştirak etmişdir

07-15 noyabr 2014 tarixlərində Roma şəhərində mühasiblərin növbəti dünya konqresi uğurla başa çatdı. Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının xətti ilə böyük nümayəndə heyəti ( SOCAR, Azərsu ASC, Azərbaycan Hava Yolları QSC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, və digər şirkətlərin, dövlət qurumlarının nümayəndələri) bu möhtəşəm tədbirdə iştirak etmişdir.

Mühasiblərin Dünya Konqresi (World Congress of Accountants (WCOA)) 1904-cü ildən etibarən hər 4 ildən bir Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) tərəfindən keçirilir.

Konqres peşəkar mühasiblərə bu peşənin cari məsələləri və gələcək tendensiyaları haqqında fikir mübadiləsi aparmaq üçün geniş imkanlar verir.

Mühasiblərin Dünya Konqresi unikal forum kimi möhtəşəm və iri miqyaslı beynəlxalq tədbirdi. Burada, beynəlxalq səviyyədə dövlət qurumları, ictimai əhəmiyyətli təşkilatlar, peşəkar mütəxəssislər, beynəlxalq korporasiyaların rəhbərləri, rəsmi hökümət nümayəndələri iştirak edir, investorlar, iş adamları və sahibkarlar üçün maraq doğuran məsələlər müzakirə edilir.

Konqresin bu dəfəki əsas mövzusu : “2020-ci ilə baxış: Keçmişi öyrənib gələcəyi qururuq” konsepsiyası əsasında hazırlanmışdı. Bu mövzu ətrafında iqtisadi, siyasi və sosial mühitin sürətli dəyişmə kontekstində mühasibat uçotunun əsas rolu müzakirə olundu.

Konqresdə 4000 nəfərə yaxın nümayəndə iştirak edirdi.

Tədbirdə həmçinin mühasibat nəzəriyyəsi və təcrübəsinin irəliləyişlərinə dair məsələlər, aparılmış tədqiqatların nəticələri, yeni ideyalar, və. s məsələlər müzakirə edildi, müxtəlif sessiyalardan ibarət olan konfransda müasir nəzəriyyə və praktika təhlil edildi, mühasibatlıq sahəsinin yeni prespektivləri, dəyişiklikləri tədqiq olundu. Azərbaycan nümayəndələrinin seçdikləri sessiyalarda “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə: peşəkar mühasiblərin rolu”, “BMHS-na uyğunluq və qloballaşma”, “Mühasib peşəsinin inkişafı” və sair əhəmiyyətli mövzular yer almışdı.

Nümayəndələr yaxın gələcək üçün ən yaxşı mühasibat təcrübəsi ilə tanış oldular, və əminik ki, mühasiblərimiz qazandığı bu yeni təcrübə ən qabaqcıl, innovasion, sürətlə və uğurla inkişaf edə bilən təşkilatlarımızın artmasına xidmət edəcək.

Konfransın işi başa çatdıqdan sonra iştirakçılarla işgüzar görüşlər keçirilmiş, təcrübə mübadilələri aparılmış və təqdim olunmuş materiallar Azərbaycana gətirilmişdir. Hesab edirik ki, həmin materiallar ölkəmizdə mühasibatlığın inkişafı istiqamətində peşəkar fəaliyyətimiz zamanı faydalı olacaqdır.

16 noyabr 2014