Finansist

Dekabr 2020
APFM yeni inkişaf yolunda : “Qarabağ Azərbaycandır!”

Zaman sürətlə ötür. Bir göz qırpımında keçən zaman yaddaşlara həkk olur. Elə yola salmağa hazırlaşdığımız 2020-ci il və bu il ərzində baş verən hadisələrin hər biri kimi. İlin əvvəlində dünyanı öz təsirinə alan Covid-19 yoluxucu xəstəliyi (pandemiya ) respublikamızdan da təsirsiz ötmədi. Mart ayından ciddi karantin rejiminə keçdiyimiz vaxtdan hər bir sahədə həyat axarını dəyişdi. İlk öncə, “evdə qal” çağırışı ilə iş rejimimiz fərqləndi: hər gün adi qayğılar ilə çatdığımız iş yerində deyil, evdən işləmək məcburiyyətində qaldıq. İqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə qeyri-adi görünən vəziyyətin necə davam edəcəyini məsafədən müşahidə etdikcə bir daha əmin olduq ki, hər bir vətəndaşa, hər bir ailəyə dövlətimiz tərəfindən lazımi diqqət və qayğı göstərilir.

Ölkə ərazisində tətbiq olunan sosial izolyasiya tədbirlərini nəzərə alaraq APFM-də də təlimlər və seminarlar onlayn formatda davam etdirildi. Mühasibləri, maliyyə mütəxəssislərini virtual məkanda bir araya gətirən APFM-in təşkilatçılıq etdiyi bir sıra beynəlxalq konfranslar onlayn formatda keçirildi. Konfransların nəticəsi olaraq peşəkar qurumlarla qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı panel müzakirələri aparıldı. Beynəlxalq peşəkar mühasib təşkilatlarının rəhbərləri arasında onlayn görüşlər keçirildi, panel müzakirələri haqqında məlumatlar üzvlərimizə təqdim olundu. Nə qeyri-adi iş rejimi, nə də qarşıya çıxan çətinliklər bizi çəkindirmədi. Onlayn təlimlərə start verdik, sınaq imtahanı platforması tələbə və üzvlərimizin istifadəsinə verildi, virtual sınaq imtahanları keçirildi. Tədris materiallarımızı günün tələbi ilə yeniləyərək “Peşəkar Mühasib Sertifikasiyası"na hazırlıq üzrə təlimlərlərin 2-ci mərhələsinə start verdik. “Finansist” jurnalının tədris rubrikası belə bir şəraitdə üzvlərimiz üçün faydalı məlumatlarını əsirgəmədi.

Birinci yarımil çox sürətlə bitəndə nəhayət ki, gözəgörünməz düşmənə qalib gələcəyimizə, yoluxucu xəstəliyin tezliklə bitəcəyinə ümid etdik. Azalan xəstə sayı da bunu təsdiqləyirdi. Azərbaycanda yeni modul tipli xəstəxanaların tikintisi, həkimlərimizin fədakarlıqla çalışması sayəsində biz buna nail olmuşduq.Ölkə başçısı İlham Əliyev cənablarının xalqa və həkimlərimizə ünvanlanan çıxışlarında Azərbaycan həkimlərinin rolu xüsusi olaraq qeyd olunub.Xalqın sağlamlığı keşiyində fədakarlıqla duran həkimlərimizin əməyi Prezident İlham Əliyev tərəfindən ayaq üstə alqışlarla qarşılandı.Düşünmək olardı ki, ilin ikinci yarısında həyat öz axarına qayıdar, adi iş fəaliyyəti bərpa olunar. Lakin iyul ayında Qarabağda baş verən hadisələr və düşmən təxribatı bizə daha ciddi sınaqların hələ qarşıda olduğunu xəbər verirdi.Məkrli düşmən yenə öz çirkin əməlini, azğın mövqeyini göstərdi.

Sentyabr ayının 27-də başlanan Vətən müharibəsi 30 il işğal altında qalan torpaqlarımıza - əzəli yurd yerlərimizə qayıdışımızla nəticələnmiş oldu. Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalqın vəhdəti, ordumuzun qəhrəman döyüşçüləri 44 gün ərzində Vətən tarixinə şanlı səhifələr yazdı.Vətən – Anadır! Bu torpaqda qədəm basdığımız hər qarış bizi daha güclü, daha qürurlu,daha məğrur etdi.Haqq savaşında ya şəhidlik zirvəsinə ucalır, ya da qazi olurlar. Dövlətin bütün daxili və xarici siyasətinin düzgün aparılması, xalqın vətənpərvərlik ruhu, milli təəssüb hissinin güclənməsi Azərbaycanın azad, demokratik bir ölkə olduğunun bariz nümunəsidir.Bu günlər ərzində uşaqdan böyüyə hər kəsin dilində bir şüar səslənirdi: “Qarabağ Azərbaycandır! Biz birlikdə güclüyük!”. Ölkə Prezidenti cənab Ali Baş Komandanın bu müddətdə hər bir çıxışı xalq tərəfindən böyük coşğu, ruh yüksəkliyi ilə qarşılanmış oldu.Bu həssas məqamlarda Prezident İlham Əliyev cənablarının və birinci xanım Mehriban Əliyevanın yaralı hərbiçilərimizlə görüşündə ən duyğulu, ən ağrılı hislər yaşadıqları, onları əzizləri, doğmaları kimi qarşıladıqları göz önündə idi. Biz 44 gün ərzində qələbəyə

çatanadək dövlətlə xalq birliyinin vəhdətindən, milli ruhun təntənəsindən doğan hislərlə yaşadıq. Müqəddəs VƏTƏN torpağında zəfərin təntənəsi günü Ali Baş Komandan İlham Əliyev cənablarının ilk olaraq Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etməsi xalqımızın şanlı tarixində ən qürurlu səhifəni yazmış oldu. Əzablı yollardan keçən VƏTƏN taiximizin yeni səhifəsi açılmış oldu: bu gün işğaldan azad olan torpaqlarımızda bütün sahələrdə quruculuq işləri aparılmalıdır. Ölkə başçısının dediyi kimi,” biz işğaldan azad olunan ərazilərimizi yenidən bərpa edəcək, yenidən quracağıq”. O zaman fəxr və qürur hissi ilə qurduğumuz cənnət diyarımızdan dünyaya səslənəcəyik:”Qarabağ Azərbaycandır!”

İnamla deyə bilərik ki, APFM də bu ərazilərin quruculuq işlərində fəal mövqedə olacaq. APFM dəqiq fəaliyyətilə beynəlxalq əlaqələrini və əhatə dairəsini daima genişləndirir və bir peşəkar mühasib təşkilatı kimi öz üzvlərilə iş apararkən mühasib peşəsinin inkişafında vacib amillərin rolunu artırmağa çalışır, bu istiqamətdə fəaliyyətini genişləndirir, çətin şəraitdə davamlı tədbirlərini uğurla həyata keçirir. Qeyd edək ki, 2021-ci il üçün üzvlərlə aparılacaq işlər, seminar və treninqlərin mövzuları müzakirə olunaraq tədbirlər planının ilkin versiyası təsdiq edilmişdir. Dövlət İmtahan Mərkəzi tərəfindən rəsmi olaraq “Peşəkar Mühasib” Sertifikatının verilməsi üçün keçiriləcək imtahanların proqramı, APFM-də PMS hazırlıq üzrə təlimlərlərin davam etdirilməsi, mühasiblərin və APFM üzvlərinin bu istiqamətdə maarifləndirilməsi, eləcə də tədris materiallarının hazırlanması və təkmilləşdirilməsi nəzərdə tutulur.

Assosiasiya üzvlərimiz hər zaman vurğulayırlar ki, onlar üçün ən böyük imtiyaz - peşəkarlar arasında ortaq fikrin yaranması, ünsiyyət imkanları və təcrübə mübadiləsidir. İnanırıq ki, APFM bu istiqamətdə fəaliyyərtini 2021-ci ildə də uğurla davam etdirəcək. APFM üzvlərin yeni bilik, bacarıqlar əldə etmələri üçün müvafiq tədbirilərin görülməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üzrə yeni imkanların araşdırılmasına hər zaman əsas məsələ olaraq diqqət yetirir . Dünya təqvimi dəyişir, cəmi bir neçə gündən sonra 2021-ci ili qarşılayacağıq. Hər Yeni ildə yeni arzular, bol ümidlərlə dolu ürək sözlərimizi doğmalara yetirir, sevincimizi bölüşürük.Yola saldığımız ildə əzmli XALQIMIZ, dəyanətli ORDUMUZ və qətiyyətli ALİ BAŞ KOMANDANIMIZLA işğaldan azad olan doğma VƏTƏN torpaqlarında QƏLƏBƏ təntənəsini qeyd etdik, üçrəngli bayrağımızın sancıldığı əzəli torpaqlarımıza əbədi sakin olduq!

Biz bu Yeni il gecəsində həm də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirik. Belə bir sehrli gecədə - birliyimizin büsatı qeyd olunan bayramda bütün dünya azərbaycanlılarının diləyi birdir:”Biz birlikdə güclüyük! Birliyimiz, dəyanətimiz, tükənməyən VƏTƏN məhəbbətimiz və iradəli Ali Baş Komandanımızla işıqlı sabahlara gedən yolda uğurlarımız bol, zəfər yolumuz açıq olsun! Yeni-2021-ci ilin mübarək, MÜSTƏQİL AZƏRBAYCAN! Yeni -2021-ci ilin mübarək, MÜZƏFFƏR AZƏRBAYCAN XALQI!

Nuriyyə Novruzova
APFM-in sədri