Mühasiblərin və Auditorların VI Avrasiya Forumu 2019
Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası 2019-cu il 10-12 oktyabr tarixlərində “Mühasibat uçotu və audit: müasir çağırışlar” mövzusunda birgə Bakıda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən “Mühasiblərin və Auditorların VI Avrasiya Forumu”nu keçirməyi nəzərdə tutur.
Forumun təşkilində əsas məqsəd qloballaşan dünya iqtisadiyyatının dinamik inkişaf etdirilməsi, maliyyə vəsaitlərindən səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın və hesabatlılığın artırılması sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdən ibarətdir.
Konfrans investisiya layihələri, idarəetmə, maliyyə hesabatları və audit, daxili nəzarət sahəsində mütəxəssisləri bir araya gətirəcək, Avropa və Asiya ölkələrinin tənzimləyiciləri orqanlarının, peşəkar təşkilatların və nümayəndələrinin çıxışları dinləniləcək, dəyirmi masalar təşkil ediləcək, əsas mövzu ətrafında müzakirələr aparılacaq.
Bu forumda iştirakınız yüksək qiymətləndiriləcək və beynəlxalq əməkdaşlığın inkişafına, maliyyə, uçot və audit sisteminin təkmilləşdirilməsinə kömək edəcəkdir.