Xəbərlər

17 may 2013

17 may 2013
2013-cü il Professional Maliyyə Menecerləri Assosiasiyasının tədbirlər planı çərçivəsində APFM Məsləhət Şurasının qərarına əsasn bu ilin sentyabr ayında Mühasiblərin və Auditorların 4-cü Avrasiya Forumu keçirilməsi nəzərdə tutulur.

Forumun əsas mövzusu: “Daxili Nəzarət və Risklərin idarə olunması”

Məlumat üçün bildirmək istərdik ki, ilk dəfə olaraq APFM tərəfindən Azərbaycanda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən Mühasiblərin və Auditorların 1-ci Avrasiya Forumu keçirilmişdir və APFM Mühasiblərin və Auditorların Forumunun Azərbaycanda rəsmi koordinatoru kimi bu ənənəni davam etdirərək 2008 və 2011-ci illərdə də respublika əhəmiyyətli belə bir möhtəşəm tədbirin yüksək səviyyədə keçirilməsinə nail olmuşdur.

Forumda mövzu ətrafında Azərbaycan dövlət qurumlarının rəsmi nümayəndələrinin və xarici natiqlərin çıxışları dinlənilir, iqtisadiyyat, maliyyə və audit sahəsində ən actual mövzular geniş müzakirə olunur, dəyirmi stol arxasında müzakirələr, formal və qeyri formal görüşlər keçirilir. İştirakçı ölkələr arasında Azərbaycan, Türkiyə, Böyük Britaniya, Amerika ,Kanada, Rusiya Federasiyası, Rumıniya, Çex Respublikası, Slovakiya, Polşa, Fransa, Latviya, Litva, Ukrayna, Kazakhstan, Özbəkistan, Gürcüstan, Hindistan və s.ölkələri qeyd etmək olar.

Bu forum artıq Avrasiyanın mühasibləri və auditorları üçün mühüm və əhəmiyyətli bir hadisəyə çevrilmişdir. Forumda iştirak edən ölkələrin sayının artması da elə bunu sübut edir.

Respublikanın ictimai əhəmiyyətli qurumlarının, nazirliklərinin, dövlət və kommersiya təşkilatlarının dəstəyi sayəsində bu möhtəşəm hadisə respublikamızda daha geniş vüsət alaraq, daha səmərəli, effektiv və beynəlxalq əhəmiyyətli bir tədbirə çevrilir. Forum iştirakçıları bu hadisəni olduqca səmərəli və maarifləndirici qiymətləndirir, natiqlərin çıxışları yüksək dəyərləndirilir.

2013-cü il forumu da ənənəvi formatda 3 gün keçirilməsi nəzərdə tutulur. Forumun 1-ci günü forum iştirakçiları və şəhərimizin qonaqlarına bu gün dünyada müxtəlif sivilizasiyaların qovşağı kimi tanınan Azərbaycanın qədim milli-mənəvi dəyərlərini, incəsənətini , tarixi və mədəniyyətini bir daha tanıtmaq məqsədilə tariximizi, musiqimizi və ədəbiyyat salnaməmizi özündə yaşadan muzeylərimizin birində Açılış Mərasimi ilə başlayacaq. 2-ci gün rəsmi tədbirlərin –konfrans və plenar iclasların keçirilməsi nəzərdə tutulur. Forumun son günu-Bağlanma mərasimində isə şəhər kənarı gəzinti və ekskursiyalar təşkil olunacaq.

Bütün oxucularımızı bu Forumda iştirak etməyə dəvət edirik və bu tədbirlə bağlı ən son məlumatları jurnalımızın növbəti saylarında da təqdim edəcəyik.