iyun 2017
Qlobal iqtisadiyyatının rəqəmsallaşdırılması artıq bizim yaşamaq, işləmək və istehlak etmək tərzimizə də təsirsiz ötüşmür. Artiq yeni texnologiyalar (Blockchain, Machine Learning, Artificial Intelligence, Data Analytics) mühasibatlıq sistemlərində tətbiq olunmaqdadır. Böyük şirkətlər və mühasibat firmaları dəyişikliklərin öhdəsindən gəlmək üçün bu texnologiyalara sərmayə qoymaqda davam edirlər. Bəs rəqəmsallaşma mühasibat təcrübəsinə , şirkətlərə və onların müştərilərinə, kiçik və orta müəssisələrə necə təsir göstərə bilər, onlar bu yeni çağırışlara necə cavab verə bilər və yeni imkanlardan necə yararlana bilərlər.
06-11 iyun 2017 tarixində Almaniyanın Berlin şəhərində Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) təşkilatçılığı ilə — Avropanın mühasib, audit və maliyyə sektoru üzrə tanınmış mütəxəssislərini cəmləşdirən növbəti İllik konfrans bu aktual məsələlərə və onların həlli yollarının müzakirəsinə həsr olunmuşdu. Tədbirdə APFM üzvləri də geniş nümayəndə heyəti ilə iştirak etmişdi.
Sessiyalarda biznes və cəmiyyət üçün kritik təsiri olan rəqəmsal texnologiyalar nəzərdən keçirildi və mühasibatlıq peşəsi üçün ən böyük çağırışlar və imkanlar təqdim edildi. Məruzəçilər müxtəlif texnologiyanın əsas aspektlərini və onların tətbiqi məsələlərini izah etdilər. Sessiyalarda panel müzakirəsi və auditoriya ilə sual- cavablar da nəzərdə tutulmuşdu. Yekun məruzə ilə Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) Prezidenti Bodo Richardt çıxış etdi, məruzəçilərə və iştirakçılara təşəkkürünü bildirdi.
Bu tədbir rəqəmsallaşdırmanın cəmiyyətə, biznesə və mütəxəssislərin gələcək fəaliyyətinə təsiri və faydalarının öyrənilmısi baxımından çox vacibdir.
Son dövrlərdə dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Bu baxımdan konfransda müzakirə olunan mövzular bu sahədə çalışan mütəxəssislərin maarifləndirilməsində, beynəlxalq təcrübənin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası da artıq 2016-cı ilin mart ayından etibarən EFAA –ya , bu nüfuzlu təşkilata üzvlüyə qəbul olunmuşdur. EFAA-nın Avropada 320,000 mühasib və auditorları təmsil edən 17 üzvü var və APFM-in də bu üzvlər arasında yer tutur. Bu gün Assosiasiyanın beynəlxalq əlaqələri və əhatə dairəsi genişlənməkdədir. Bu isə respublikamızda təcrübəli mütəxəssislərin artmasına, dünya miqyasında tanınmasına, gənc kadrların beynəlxalq səviyyədə hazırlanması istiqamətində aparılan işlərin uğurla davam etdirilməsinə böyük bir töhfədi.



