Xəbərlər

15 oktyabr 2021

Hörmətli APFM üzvləri,
Böyük sevinc hissi ilə öz ənənəmizə sadiq qalaraq respublikamızda geniş vüsət almış, səmərəli, effektiv və beynəlxalq əhəmiyyətli möhtəşəm tədbirimizin- “Mühasiblərin və Auditorların VII Avrasiya Forumu” nun hazırlıq işlərinə start veririk! Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən Peşəkar mühasib təşkilatı kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) tərəfindən 2021-ci il 15-17 oktyabr tarixlərində “MALİYYƏ HESABATLARI: GƏLƏCƏYƏ BAXIŞ” mövzusunda Naxçıvan şəhərində “Mühasiblərin və Auditorların VII Avrasiya Forumu” keçiriləcək.

Forumun təşkilində əsas məqsəd qloballaşan dünya iqtisadiyyatının dinamik inkişaf etdirilməsi, maliyyə vəsaitlərindən səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın və hesabatlılığın artırılması sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdən ibarətdir.

Forumda yerli mütəxəssislər və xarici ölkələrdən nüməyəndələr iştirak edəcək. Forumda əsas mövzu ətrafında Azərbaycan dövlət qurumlarının rəsmi nümayəndələrinin və xarici natiqlərin çıxışları nəzərdə tutulur, ayrı-ayrı ölkələrdə mühasibat uçotunun inkişaf məsələləri, perspektivləri, MHBS-nın tətbiqi, rəqəmsal transformasiya, rəqəmsal texnologiyaların və rəqəmsal iqtisadiyyatın rolu, eləcə də maliyyə sahəsində risklər müzakirə olunacaq.

Bu forumda iştirakınız yüksək qiymətləndiriləcək və beynəlxalq əməkdaşlığın inkişafına, maliyyə, uçot və audit sisteminin təkmilləşdirilməsinə kömək edəcəkdir.

İlkin proqramı bu linkdən yükləyə bilərsiniz: [attachment=4:Eurasian forum 2021.pdf]

Həmçinin forumun promo-çarxını buradan izləyə bilərsiniz:



Forumda qeydiyyat üçün:
APFM ofisi, 119 "C" Y.V.Çəmənzəminli küç., " Afen Plaza", 3-cü mərtəbə
Tel.: (994 12) 564 22 37/57 Mob: +994 50 205 06 99
Əlaqələndirici şəxs: Nərmin Məmmədbağırova

MÜHASİBLƏRİN VƏ AUDİTORLARIN VII AVRASİYA FORUMUNA XOŞ GƏLMİSİNİZ!
Təşkilat Komitəsi

15 oktyabr 2021