Xəbərlər

05 aprel 2021

Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış və 1996-cı il 5 aprel tarixindən fəaliyyətə başlamış Azərbaycan Respublikası Auditorlar Palatasının 25 ili tamam olur. Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının kollektivi, çoxsaylı üzvləri adından Auditorlar Palatasını 25 illik yubileyi münasibətilə başda palatanın sədri, dərin hörmət və ehtiram bəslədiyimiz Vahid müəllim olmaqla bütün kollektivi, palata üzvlərini, auditorları ürəkdən təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik, firavanlıq və müvəffəqiyyətlər arzu edirik.

Bu gün Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyinə həsr olunmuş onlayn tədbir keçirilmişdir.

Tədbirə başlamamışdan öncə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin “Fəxri Xiyaban”da məzarını ziyarət etmişlər.

Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov açaraq, ilk öncə qonaqları salamladı və “Azərbaycan auditi - 25 ildə” mövzusunda məruzə söyləmək üçün sözü Palatanın sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzova verdi. V.Novruzov geniş məruzə ilə çıxış edərək Palatanın son 25 ildə gördüyü işlərdən, ölkəmizdə auditin inkişafından, perspektivlərindən və qarşıda duran vəzifələrdən danışdı. O, eyni zamanda ölkə Prezidentinin auditə verdiyi dəstəkdən və Palatanın bir sıra əməkdaşlarının və üzvlərinin əməyinin qiymətləndirilməsini qeyd etdi.

Sonra Auditorlar Palatasının 25 illiyinə həsr edilmiş “Azərbaycan auditi - 25” sənədli filmi nümayiş etdirildi və yubileylə əlaqədar yerli və xarici qurumlardan daxil olmuş təbriklərin siyahısı oxundu.

Tədbirdə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, millət vəkili, akademik Ziyad Səmədzadə, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, iqtisad elmləri doktoru, professor Eldar Quliyev, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində “Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi”nin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Auditorlar Palatası Şurasının üzvü, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru İlqar Vəliyev, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının prezidenti Nuriyyə Novruzova, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının İdarə Heyətinin sədri Günay Şahbazova, Auditorlar Palatasının üzvü, “LŞ Audit” MMC-nin direktoru Fərhəddin Hüseynov Palatanın yubileyi ilə əlaqədar təbrik nitqi söyləyərək öz ürək sözlərini bildirdilər.

Tədbirdə qonaqlarla bərabər Auditorlar Palatasının kollektivi, üzvləri və mətbuat nümayəndələri iştirak etmişlər.

Tədbirin sonunda Azərbaycan auditorları adından Zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur. Tədbir öz işini mətbuat konfransı ilə başa çatdırmışdır.

05 aprel 2021
05 aprel 2021