Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) və Moldovanın Sertifikatlaşmış Mühasiblər və Auditorlar Assosiasiyası (ACAP) Azərbaycan və Moldova mühasiblərini, maliyyə mütəxəssislərini virtual məkanda bir araya gətirərək “Şirkətin maliyyə vəziyyətinin diaqnostikası -böhranı aradan qaldırmağın başlanğıc mərhələsi” mövzusunda birgə vebinar təqdim etdi.
APFM və ACAP arasında qarşılıqlı faydalı əməkdaşlıq -mühasib və auditorların səmərəli təhsili və peşəkar inkişafı üçün katalizatordur. George Bernard Shaw demişdi: "Fəaliyyət -bilik əldə etmək üçün yeganə yoldur", bilik əldə etmək üçün isə sərhəd yoxdur, belə bir şüar altında təqdim olunan vebinar 09 may 2020-ci il, saat 15:00 (Bakı vaxtı ilə) Zoom proqramı üzərindən keçirildi. Onlayn tədbirimizə həmçinin Ukrayna, Gürcüstan və Belorusiyadan da mütəxəssilər qoşulmaq imkanı əldə etdi.
Vebinar iştirakçıları iqtisadi böhran şəraitində şirkətin yüksək keyfiyyətli maliyyə təhlili və diaqnostikasının aparılması üçün müasir metod və vasitələrlə tanış oldu, düzgün və əsaslandırılmış idarəetmə qərarlarının verilməsi üçün təcrübə və tövsiyələr əldə etdilər.
Vebinar Moldovanın Sertifikatlaşmış Mühasiblər və Auditorlar Assosiasiyasının sədri Georgeta Covaliov Rusu və APFM MHBS Komitəsinin üzvü Rauf Rzayev tərəfindən təqdim olundu.
Xatırladırıq ki, ölkə ərazisində tətbiq olunan sosial izolyasiya tədbirlərini nəzərə alaraq APFM tədris mərkəzində də təlimlər, treninqlər və imtahanlar müvəqqəti olaraq dayandırılmışdı. Yarımçıq qalmış dərslər hal-hazırda da onlayn formatda davam etdirilir. APFM üzvləri üçün vebinarlar təşkil olunur.