Xəbərlər

Peşəkar Mühasib Təşkilatı - Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının 15 illik fəaliyyətinə dair hesabat tədbiri keçirildi

15.09.2022
Peşəkar Mühasib Təşkilatı -Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının 15 illik fəaliyyətinə dair hesabat tədbiri keçirildi

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçirilən “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq ” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında mühasiblər və auditorlar üçün beynəlxalq standartların tələblərinə müvafiq yeni CPD proqramlarının işlənib hazırlanması və təkmilləşdirilməsi, yeniliklərin tətbiqi, birgə təlimlərin keçirilməsi və beynəlxalq sertifikatlaşdırmaya dair Niyyət Protokolu imzalanıb.
Tədbirdə çıxış edən APFM İdarə Heyətinin sədri Nuriyyə Novruzova niyyət protokolunun imzalanma mərasiminin Assosiasiyanın 15 illik fəaliyyətinə dair hesabat tədbirinə təsadüf etdiyini bildirib. Tədbir iştirakçılarına 15 il ərzində APFM-in fəaliyyəti barədə geniş məlumat verilb və video çarx təqdim edilib.
Bildirilib ki, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası ictimai təşkilat kimi 2007-ci ildə təsis olunub və artıq 15 ildir ki, beynəlxalq standartlara uyğun peşəkar mühasib və maliyyəçilərin hazırlanması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində beynəlxalq akkreditasiyalara malik peşəkar qurum kimi fəaliyyət göstərir və dinamik inkişafda olan Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməkdədir. Tədbirdə vurğulanıb ki, bu gün peşəkar mühasib təşkilatına üzv olmaq Qanunvericiliyin tələbidir və peşəkar mühasib üzvlərinin sayını artırmaqla, APFM respublikamızda təcrübəli mütəxəssislərin dünya miqyasında tanınması, kadrların beynəlxalq səviyyədə hazırlanması üzrə fəaliyyətini uğurla davam etdirir.
Tədbirdə APFM-in beynəlxalq müstəvidə əməkdaşlıq istiqamətlərinə də toxunulub. Qeyd olunub ki, APFM Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) üzvüdür, həmçinin, Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutu (ICFM) və Sertifikatlı Mühasiblər İnstitutunun (ICB) Azərbaycanda rəsmi nümayəndəsi kimi fəaliyyət göstərir və beynəlxalq kvalifikasiyalar üzrə təlimlər və imtahanlar təşkil edir.
Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, EFAA-nın prezidenti Salvador Marin, Türkiyə Sertifikatlı Mühasiblər Palataları Birliyinin (TÜRMOB) İstanbul Seritifikatlı İctimai Mühasiblər Palatasının (İSMMMO) sədri Erol Demirel, Rusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının baş direktoru- Olqa Nosova, Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının sədri Jorjeta Kovaliov-Rusu, Gürcüstan Mühasiblər İttifaqının baş direktoru Tata Beridze, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru İlqar Vəliyev və APFM-in sıx əməkdaşlıq etdiyi digər yerli qurumların nümayəndələri Assosiasiyanın 15 illik fəaliyyətinə dair çıxışlar etdilər, kollektivin fəaliyyətini çox yüksək qiymətləndirərək, gələcəkdə görəcəkləri işlərdə onlara uğurlar arzuladılar.
Qeyd edək ki, APFM - üzvləri peşəkar mühasiblərdən və maliyyə menecerlərindən ibarət olan və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 26 avqust 2019-cu il tarixli, q-01 saylı Qərarına əsasən "Peşəkar mühasib təşkilatı” kimi akkreditasiya olunmuş peşəkar mühasib təşkilatıdır.
APFM -Mühasiblərin və Auditorların Avrasiya Forumunun Azərbaycanda rəsmi koordinatorudur və 2007-ci ildən etibarən 7 forumun təşkilatçısı olmuşdur.
Assosiasiyanın təsis etdiyi və artıq nəşrinin10-cu ili qeyd edilən "FİNANSİST” jurnalı iqtisadiyyat, mühasibat uçotu və audit, maliyyə menecmenti sahəsinin mutəxəssisləri üçün nəzərdə tutulmuş, muasir dövrdə iqtisadi və maliyyə həyatının mühüm hadisələrindən, uğurlu şirkətlərdən, görkəmli şəxsiyyətlərdən və nüfuzlu simalardan bəhs edən tematik və ixtisaslaşdırılmış aylıq nəşrdir. Yüksək peşəkarlıqla ərsəyə gətirilmiş Finansist qısa bir zamanda mütəxəssislərin diqqətini çəkmişdir. Xüsusilə əhəmiyyətlidir ki, bu jurnal vətəndaşların iqtisadi biliklərinin artmasında mühüm rol oynayır.
Assosiasiya mükəmməl təşkilati struktura və təcrübəli mütəxəsislər bazasına (8 tənzimləyici Komitə, Beynəlxalq Sertifikasiya Mərkəzi, təlimçi və metodist heyəti və Ekspert Qrupu) malikdir.
Azəbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq etməklə yanaşı 15 il ərzində beynəlxalq müstəvidə də öz sözünü deməyi bacarıb.
Avropanın Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) üzv olması və eləcə də bir çox beynəlxalq təşkilatlarla memorandumlar çərçivəsində əməkdaşlığı APFM-in respublikamızdan kənarda da nüfüzlu peşəkar qurum kimi tanınmasına zəmin yaratmışdır.
Bu gün Peşəkar mühasib təşkilatına üzv olmaq Qanunvericiliyin tələbidir. APFM-də peşəkar mühasib üzvlərin sayı artmaqdadır və bu respublikamızda təcrübəli mütəxəssislərin dünya miqyasında tanınmasına, kadrların beynəlxalq səviyyədə hazırlanması istiqamətində aparılan işlərin uğurla davam etdirilməsinə böyük bir töhfədir.
15 il ərzində uğurlu inkişaf yolu keçmiş, mühüm nailiyyətlər əldə etmiş və iqtisadiyyatımızın inkişafı naminı bundan sonra da yüksək tələblərə cavab verəcək fəaliyyətinə inamla sabaha addımlayan bütün APFM ailəsini ürəkdən təbrik edirik.

Peşəkar Mühasib Təşkilatı - Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının 15 illik fəaliyyətinə dair hesabat tədbiri keçirildi

Peşəkar Mühasib Təşkilatı - Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının 15 illik fəaliyyətinə dair hesabat tədbiri keçirildi