Xəbərlər

23 Sentyabr, 2024

APFM və SOCAR Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “Mühasiblərin və Auditorların 8-ci Avrasiya Forumu” ərəfəsində Azərbaycana səfər edən Beynəlxalq Mühasiblər Federasiyasının International Federation of Accountants (IFAC) prezidenti xanım Asmaa Resmouki ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Azərbaycan Respublikası Dövlət Neft Fondu (State Oil Fund of Azerbaijan) İcraçı direktorunun müavini cənab Bəhruz Bayramov və Fondun əməkdaşları arasında görüş keçirilib. Görüş zamanım ölkədə makroiqtisadi sabitliyin təmin edilməsində Fondun rolu haqqında ümumi məlumat verilib və onun investisiya siyasəti və investisiya portfelinin əsas istiqamətləri barədə təqdimat keçirilib. Görüş iştirakçıları, həmçinin IFAC-ın fəaliyyəti, gələcək planları və qarşılıqlı əməkdaşlığın artırılması barədə də müzakirələr aparıb. Qeyd olunub ki, son zamanlarda dayanıqlı inkişaf sahəsində yeni beynəlxalq standartların tətbiqi və ölkəmizdə bu istiqamətdə atılan addımlar böyük əhəmiyyət kəsb edir.

 

APFM ailəsi olaraq, 18–20 sentyabr 2024-cü il tarixlərində Bakıda “Mühasiblərin və Auditorların 8-ci Avrasiya Forumu” kimi möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi etməkdən qürur duyduq. Tədbirimiz uğurla başa çatdı. “Yaşıl iqtisadiyyat şəraitində hesabatlıq və şəffaflıq” mövzusunda keçirilən forum “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuşdur.

Forumda salamlama nitqləri və məruzələrlə Azərbaycan Respublikasının maliyyə nazirinin müavini Azər Bayramov, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Ziyad Səmədzadə, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti Asmaa Resmouki, ICB-ICFM Global təşkilatının icraçı direktoru- Ami Copeland, APFM-in sədri Nuriyyə Novruzova, SOCAR Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Rumıniya Maliyyə Auditorları Palatasının (CAFR) 1-ci vitse-prezidenti Liliana Ionescu-Feleaga və respublikamızın digər dövlət və özəl qurumlarının nümayəndələri, eləcə də Avropa və Asiya ölkələrinin peşəkar qurumlarının rəhbərləri çıxış etdilər.

Tədbirdə APFM-in sıx əməkdaşlıq etdiyi dövlət və özəl qurumların nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, APFM korporativ və fərdi üzvləri, ümumilikdə 600 nəfərə yaxın mütəxəssis iştirak etdi.

Forum iştirakçıları Azərbaycanda şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi sahəsində beynəlxalq audit və beynəlxalq mühasibat uçotu standartlarına keçidin əhəmiyyətini xüsus olaraq vurğuladı. Bildirildi ki, həyata keçirilmiş kompleks tədbirlər yeni dövrün iqtisadi çağırışlarını nəzərə almaqla, ölkədə maliyyə-uçot sisteminin beynəlxalq tələblər əsasında təkmilləşdirilməsinə, iqtisadiyyatımızın dünya təsərrüfat sisteminə inteqrasiya imkanlarının gücləndirilməsinə şərait yaratmışdır. Konfrans dayanıqlı inkişaf, hesabatlılıq, şəffaflıq məsələləri ilə bağlı qlobal gündəlikdə dayanan çağırışların və imkanların müzakirəsi, bu sahədə qabaqcıl təcrübə mübadiləsi üçün və şəffaflıq mühitinin daha da yaxşılaşdırılması imkanlarının müəyyənləşdirilməsi baxımından faydalı olacaq.

“Mühasiblərin və Auditorların Avrasiya Forumu”nun Azərbaycanda rəsmi koordinatoru Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş Peşəkar Mühasib Təşkilatı - Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) çıxış edir. APFM Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC), Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) üzvüdür, ICB/ICFM Global təşkilatının Azərbaycanda rəsmi nümayəndəsidir və 2007-ci ildən etibarən 8 forumun təşkilatçısı olmuşdur.

Forumun işinə töhfəsinə görə bütün iştirakçılara dərin təşəkkürümüzü bildiririk!

23 Sentyabr, 2024