Xəbərlər

28 may 2024

Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların, idarəetmə üsullarının, innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Gələcək dövrdə ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcəkdir, bu isə kadrların biliklərinin daim yeniləşməsini və transformasiya olunmasını tələb edir.
14-21 may 2024-cü il tarixində Belçikanın Brüssel şəhərində Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) təşkilatçılığı ilə — Avropanın mühasib, audit və maliyyə sektoru üzrə tanınmış mütəxəssislərini cəmləşdirən möhtəşəm konfrans keçirildi. Beynəlxalq konfrans təcrübənin transformasiyasına, xüsusən də rəqəmsal və davamlı aspektlərə diqqət yetirdi. Tədbir “Dayanıqlı hesabatlıq, süni intellekt və mühasibin rolu” mövzuları üzrə bir neçə sessiyadan ibarət oldu. Dayanıqlı hesabatlıq şirkətlərin strategiyalarını hər üç səviyyədə (ətraf mühit, iqtisadi və sosial) açıqlayaraq davamlı çərçivədən əlaqələndirir. Konfransda müzakirə olunan mövzular bu sahədə ən son dəyişiklikləri, yeni yanaşmaları, eləcə də qarşıya çıxan praktiki çətinlikləri və həlli yollarını təqdim etdi.
Tədbirdə Azərbaycan nümayəndə heyəti tərkibində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Auditorlar Palatasının, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, Azərbaycan Texniki Universitetin, APFM-in Korporativ üzvləri- SOCAR, Azəriişıq, AZFEN, Azərsun, Analitik Ekspertiza Mərkəzi, Respublika Klinik Xəstəxanası, AZFIN Group Advisory services, Mont MMC-nin əməkdaşları iştirak etdilər. Konfrans çərçivəsində sosial tədbirlər də keçirildi və ekskursiyalar təşkil olundu.
Beynəlxalq konfrans çərçivəsində APFM üzvləri “Liderlik, karyera inkişafı və maliyyəçinin şəxsi inkişafı. Təşkilatın inkişafında mühasibin rolu və funksiyaları.” Mövzusunda seminarda iştirak etdilər.
17 may 2024-cü il tarixində isə EFAA AGM-İllik Toplantısı keçirildi və APFM İdarə Heyətinin üzvləri iclasda iştirak etdilər. Görüşdə EFAA 2024-2025 Fəaliyyət Planı, üzvlük məsələləri, büdcə planlaması və s. mövzular müzakirə olundu.
APFM 2016-cı ildən etibarən EFAA-nın üzvüdür. Qeyd edək ki, EFAA-nın Avropada 320,000 mühasib və auditorları təmsil edən 19 üzvü var və APFM-in də bu üzvlər arasında yer tutması çox böyük əhəmiyyət kəsb edir.
28 may 2024