Əziz oxucularımız, Əziz kollektivimiz, 100-cü nömrəmiz mübarək!
Hər birimiz üçün əziz olan “Finansist” jurnalının 100-cü nömrəsi dərc olundu. 100 rəqəmi müəyyən mərhələ deməkdir, 100 rəqəmi müəyyən qiymətləndirmə aparmaq üçün əsas deməkdir. Əlbəttə jurnal fəaliyyətinin ən düzgün qiymətini onun oxucusu, rəhbərliyi və kollektivi verir. Jurnalın kollektivi adından onu deyə bilərəm ki, bu iş böyük məsuliyyəti, həyacanı, diqqəti və zəhməti tələb edir. Eyni zamanda, hər nömrədə əziz oxucularımızla yaratdığımız qiyabi ünsiyyət və bu ünsiyyətdən aldığımız zövq bütün yuxarıda qeyd etdiyimiz çətinlikləri və həyacanı üstələyir. Razılaşarsız ki, sevdiyin peşə üzrə 72 səhifəlik jurnal vasitəsi ilə öz həmkarlarınla, bu sahənin mütəxəssisləri ilə daim peşəkar fikir mübadiləsində olmaq, fikrini bir cümlənlə mindən artıq peşəkarın, həmkarının təhlilinə təqdim etmək özü böyük bir xoşbəxtçilikdir! Arzu edirəm ki, ölkəmizdə gənclərimizin, mütəxəssislərimizin biliklərini daim yüksəklikdə saxlayan maarifləndirici, ixtisaslaşdırılmış jurnallar çox olsun, hər birinə fəaliyyətində uğurlar arzu edirəm! Olduqca sevindirici haldır ki, maliyyə sahəsində bizim bu cür ixtisaslaşdırılmış jurnalımız, ünsiyyət vasitəmiz, fikir mübadiləsi meydanımız var. Bunun üçün jurnalımızın fəaliyyətində töhfəsi olan hər bir kəsə, xüsusən Nuriyə xanım Novruzovaya, jurnalın kollektivinə, əməkdaşlarına, oxucularına öz dərin minnətdarlığımı bildirirəm. 100-cü nömrəmiz mübarək!
Jurnalımızın “Maraqlı müsahibə” rubrikasında Azərbaycan Sənaye Korporasiyası ASC-nin Strateji İnkişaf və Kommersiya departamentinin direktoru cənab Fəxri Mehdiyevin müsahibəsi ilə tanış ola bilərsiniz. Suallarımızı cavablandıran Fəxri müəllim “Azərbaycan Sənaye Korporasiyası” nın fəaliyyəti barədə ətraflı məlumat verdi.
Jurnalımızın digər rubrikalarında da maraqlı mövzular və məlumatlar dərc edilib. FİNANSİST-i oxuyun. O, Sizindir və daim Sizin xidmətinizdədir!