Xəbərlər
Dekabr 2021
İlin yekunu: biz hədəflərə doğru uğurlu addımlarla irəliləyirik

Ömrümüzdən daha bir il ötdü. Düz otuz il həsrətində olduğumuz doğma yurd yerlərimizə böyük qayıdışı yaşadan bir il! Vətən həsrətinə son qoyan bu ili qürur və fəxr hissi ilə yaşadıq. Çətin və şərəfli qələbənin bir ilini yaşadığımız bu müddət bizim üçün bir göz qırpımında keçib. Zəfər ilinin hər günündə viran qalan obalarımızı qurub – yaratmaqla bütün dünyaya göstərdik ki, bu yurdun əsl sahibləri də, onu sevib yaşadanlar da, uğrunda candan keçənlər də bizik. İşğaldan azad olan ərazilərimizdə böyük layihələrin həyata keçirilməsi ilə yenidənqurma və bərpa işləri geniş vüsət alıb. Uzun illərdən bəri Qarabağın doğma səs-sədası kəsilmişdi. İndi yenidən əzəli torpaqlarımız milli musiqi avazı ilə “Xarı bülbül”ünə sinəsini açdı. Qarabağın incisi Şuşada 30 illik fasilədən sonra Vaqif Poeziya Günləri bərpa olundu. Füzuli şəhərində dünya standartlarına cavab verən, tam yeni üslubda Beynəlxalq Hava Limanı istifadəyə verildi. Qarabağda strateji əhəmiyyət kəsb edən bu hava limanının açılışında qardaş türk xalqının rəhbəri Rəcəb Tayyib Ərdoğan və Ali Baş komandan prezident İlham Əliyev cənabları iştirak etdilər.

Milli Musiqi Günümüzdə Şuşanın Cıdır düzündə dahi Üzeyir Hacıbəyovun, dünya şöhrətli Qara Qarayevin və Fikrət Əmirovun möhtəşəm əsərlərindən parçalar ifa edildi.“Zəfər Günü”ndə otuz illik ayrılığa son qoyaraq vüsal təntənəsini səsləndirən atəşfəşanlıqla Qarabağın dağı-düzü səsləndi: QARABAĞ AZƏRBAYCANDIR!

Zəfər ilində biz də APFM komandası olaraq daha əzmlə çalışdıq. COVİD-19 pandemiyasının davam etdiyi şəraitdə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası təlim və seminarlarının bir hissəsini onlayn formatda davam etdirdi. Assosiasiyamızın bir qrup üzvləri ICFM beynəlxalq kvalifikasiyaları üzrə təlim kurslarını müvəffəqiyyətlə başa vurdu və imtahanlarda yüksək nəticələr göstərərək diplomlarla təltif olundular. APFM üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı böyük əhəmiyyət kəsb edir, tədris olunan proqramlar işgüzar insanların əldə etdikləri biliklərinin təcrübi tətbiqinə kömək edir, Assosiasiyamızda üzvlük dinləyicilər üçün çox gözəl imkanlar və perspektivlər yaradır və onlar hər zaman bunu həm peşəkarlıq baxımından, həm də karyera baxımından güclü bir təkan kimi qiymətləndirirlər. Sevinc hissi ilə qeyd edirik ki, ən yüksək bal (90) toplamış dinləyicimiz “İlin Tələbəsi-Best Student of the Year-2021”, APFM Tədris Mərkəzləri şəbəkəsinin ən fəal üzvü “İlin Tədris Mərkəzi - Best Training Centre of the Year-2021”, təlimçimiz isə “İlin Müəllimi-Best Tutor of the Year 2021” mükafatlarına layiq görüldülər.

2021-ci il mart ayında APFM-in də üzv olduğu Avropanın Mühasiblər və Auditorlar Federasiyası (EFAA) və Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) arasında Anlaşma Memorandumu imzalandı.

Anlaşma Memorandumu, hər iki təşkilatın, fəaliyyətlərinin koordinasiya edilməli olduğu strateji maraq kəsb edən sahələri müəyyənləşdirmələrini və mütəmadi olaraq nəzərdən keçirmələrini nəzərdə tutur.Bu əməkdaşlıq həmçinin EFAA-nın IFAC şəbəkəsinin bir hissəsi olaraq, üzv təşkilatlarına, bu da öz növbəsində üzv təşkilatların öz üzvlərinə göstərdiyi xidmətlərin daha da gücləndirilməsinə kömək edən təcrübə və dəstəyi əhatə edəcək.

APFM MHBS Komitəsinin üzvü- EFAA-nın-ACCA-in nümayəndəsinin sədrlik etdiyi Mühasibatlıq üzrə Ekspert Qrupunun (Accounting EG)- üzvü təyin edildi. Beləliklə, APFM mühasibatlıq, beynəlxalq standartların tətbiqi üzrə umumi qlobal problemlərin həllində fəal iştirak edərək, umumilikdə bu peşənin gələcək inkişafında öz töhfəsini verməkdə davam edəcək.

2021-ci ildə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası bir sira konsaltinq şirkətləri ilə Əməkdaşlıq Merorandumu imzaladı. Memorandumlar beynəlxalq standartlara uyğun yeni yüksək ixtisaslı kadr hazırlığı , üzvlərə məsləhətçi və metodoloji xidmətlərin göstərilməsi, birgə əməkdaşlıq və digər məsələləri müəyyən etmiş oldu. APFM maarifləndirmə üzrə fəaliyyətini regionlarda da davam etdirdi. SAR Activ Consalting MMC-nin təşkilatçılığı ilə 29 may 2021 -ci il tarixində Naxçıvan şəhərində maliyyə, mühasibatlıq sahəsində çalışan mütəxəssislər üçün maraqlı təqdimat keçirildi. Tədbirdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunun qüvvəyə minməsindən irəli gələn vəzifələr, peşəkar mühasib sertifikatının əldə edilməsi və peşəkar mühasib təşkilatına üzv olmanın zəruriliyi və s. mövzular müzakirə olundu.

Regionda təlim proseslərinin və üzvlərlə işlərin daha səmərəli təşkili, koordinasiyanın təmin olunması və əməkdaşlığın genişləndirilməsi üçün SAR Activ Consalting MMC ilə Əməkdaşlıq Memorandumu imzalandı.

Maliyyə və mühasibatlıq sahəsində uzun illər fəaliyyət göstərən Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiyasiası sözügedən sahədə təcrübəli mütəxəssislərin yetişdirilməsi sahəsində universitetlərlə əməkdaşlığı 2021-ci ildə də müvəffəqiyyətlə davam etdirdi. Bu məqsədlə, universitet tələbələri ilə onlayn tədbirlər keçirildi.Tədbirlərin məqsədi iqtisadi istiqamətlər üzrə (xüsusən maliyyə və mühasibatlıq ixtisasları) təhsil alan tələbələrin gələcək əmək fəaliyyətlərində praktiki təcrübələrinin formalaşması baxımından hüquqi tələblərin və yerinə yetirilməsi tələb olunan vəzifələrin şərh edilməsi idi. 2021-ci il 9 iyun tarixində isə Qərbi Kaspi Universiteti ilə APFM arasında Memorandumun imzalandı. Memorandumun əsas məqsədi iqtisadiyyat, maliyyə , mühasibatlıq, audit, və vergi qanunvericiliyi və risklərin idarə olunması üzrə ixtisaslı kadr hazırlığına yönəlmiş layihələrin həyata keçirilməsidir.

Mühasibləri və maliyyə mütəxəssislərini bir araya gətirən APFM il ərzində üzvlər üçün müxtəlif maraqlı seminar və vebinarların, beynəlxalq Forumun keçirilməsinə nail oldu, bir sıra beynəlxalq seminar və konfrasların iştirakçısı oldu, təlimçimiz Fəxri Natiq kimi təltif olundu. Beynəlxalq səviyyəli bu tədbirlərdə peşəkar qurumlarla qarşılıqlı əlaqələrin inkişafına, aktual mövzularda müzakirələr aparılmasına, müasir tələblərə cavab verən mütəxəssislərin birgə əməkdaşlığına xüsusi olaraq diqqətlə yanaşılmışdır. Qloballaşan dünyada təkcə bilik əldə etmək deyil, həm də bu biliklərin təcrübi olaraq tətbiqi, yeni beynəlxalq sistemlərin müzakirəsi çox vacibdir.
2021-ci ildə Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası tərəfindən Azərbaycanda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən Mühasiblərin və Auditorların VII Avrasiya Forumu keçirildi. APFM Mühasiblərin və Auditorların VII Forumunun Azərbaycanda rəsmi koordinatoru olraq Respublika əhəmiyyətli belə bir möhtəşəm tədbirin tarixi məkanda - Naxçıvanda yüksək səviyyədə keçirilməsi hər bir iştirakçıya bayram ab-havasını yaşatdı.

Oktyabrın 15-dən 17-dək davam edən “Maliyyə hesabatları: gələcəyə baxış” mövzusunda keçirilən Forumun təşkilində əsas məqsəd qloballaşan dünya iqtisadiyyatının dinamik inkişaf etdirilməsi, maliyyə vəsaitlərindən səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın və hesabatlılığın artırılması sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələ əldə etməkdən ibarət idi.

Forumda rəsmi nümayəndələrin və xarici natiqlərin mövzu ilə bağlı çox maraqlı çıxışları dinlənildi. Beynəlxalq Maliyyə Hesabatları Standartlarının və Beynəlxalq Audit Standartlarının tətbiqi və inkişafı üzrə məsələlər geniş müzakirə olundu. Yaddaqalan görüşləri, Naxçıvanın səfalı məkanlarının və tarixi abidələrinin ziyarətləri ilə müşayiət olunan Forum Avrasiyanın mühasibləri və auditorları üçün mühüm və əhəmiyyətli bir hadisəyə çevrilmişdir. VII Forumda iştirak edən ölkələrin sayının artması da elə bunu sübut edir.

Mühasiblərin və Auditorların VII Avrasiya Forumu çərçivəsində Mühasiblərin və auditorların VII Avrasiya forumu çərçivəsində beynəlxalq mühasib təşkilatları, APFM və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalandı. Əməkdaşlığa yeni başlasaq da qısa bir zamanda Mühasiblərin və Auditorların 7-ci Avrasiya Forumunun birgə təşkilatçısı olduq. İmzaladığımız Əməkdaşlıq Memorandumunun məqsədi də bundan sonra Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi ilə iqtisadiyyat, maliyyə, mühasibat uçotu və qanunvericilik üzrə mütəxəssislərin maarifləndirilməsi, peşəkarlığının artırılması, onlara yeni biliklərin çatdırılması və bu sahədə beynəlxalq təcrübənin tətbiqi sahəsində qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsidir.
APFM və Qazaxstanın Peşəkar Mühasib Təşkilatları, İstanbul Sərbəst Mühasiblər və Maliyyə Müşavirləri Palatası (ISMMMO), Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyası (ACAP), ICFM Ukrayna, Gürcüstan Mühasiblər Birliyi arasında imzalanmış Anlaşma Memorandumları çərçivəsində isə tərəflər Mühasibat və audit peşəsinin inkişafı məqsədilə üzvlərin davamlı peşə inkişafı proqramlarını (CPD) , mühasiblərin təhsili və peşə üçün lazım olan müxtəlif məsələlərdə məsləhətləşmələr apararaq hədəfləri birgə təşviq edəcəklər. Bağlanmış memorandumda milli və beynəlxalq tədbirlərin keçirilməsi , təcrübə mübadiləsi və məqalələrin qəzet, kitab, jurnallarda yerləşdirilməsi nəzərdə tutulub.

Respublika Prezidenti , Ali Baş Komandan İlham Əliyev cənablarının vurğuladığı kimi, “Bizim bütün maliyyə sistemimiz şəffaf olmalıdır. Bütün biznes strukturları şəffaf olmalıdır.Biznes strukturları başa düşməlidirlər ki,əgər onlar dünya iqtisadiyyatına inteqrasiya etmək istəyirlərsə, öz bizneslərini böyütmək və xarici bazarlara çıxarmaq istəyirlərsə, - mən görürəm ki, bu var,- onlar mütləq və mütləq dünya praktikasını tətbiq etməlidirlər.Onlar beynəlxalq auditə məruz qalmalıdırlar, bütün mühasibat sistemini müasir səviyyəyə qaldırmalıdırlar”.

APFM ölkə rəhbərinin qərar və tövsiyələrini əsas götürərək beynəlxalq səviyyəli peşəkar mühasiblərin hazırlanması məqsədilə tədris materiallarımızı günün tələbi ilə yeniləyərək “Peşəkar Mühasib Sertifikasiyası"na hazırlıq üzrə təlimlərlərin növbəti mərhələsinə start verdi.

Bu il ICFM Azərbaycan -APFM ailəsinin Beynəlxalq LUCA mükafatına layiq görülməsi nailiyyətimizin töhfəsi oldu. Hər il olduğu kimi bu il də 01-10 noyabr tarixində London şəhərində Mühasiblərin Summiti və LUCA 2021 Beynəlxalq Mükafatının təqdimatı keçirildi. ICFM/ICB Global böyük qürur hissi ilə elan etdi "Biz mühasib peşəsi sahəsində ən yaxşıları təltif etməkdən məmnunuq və bu il xüsusi 25-ci Yubileyimiz münasibətilə Silver LUCA təqdim olunur."

ICFM Azərbaycan -APFM ailəsinin də Beynəlxalq LUCA mükafatına “Award: For Contribution to the Development of the Profession” layiq görüldüyü üçün və komandamıza verilən böyük dəyərə görə ICB/ICFM Global qurumuna bütün APFM üzvləri adından dərin minnətdarlığımızı bildiririk! Hər zaman mühasib peşəsinin inkişafına verdikləri töhfələri ilə zirvədə olan APFM üzvlərini ürəkdən təbrik edirik! Bu, ICB/ICFM Global qurumunun komandası ilə fərqlənən APFM üzvlərinə diqqətini əks etdirdi.

“Finansist” jurnalı il ərzində yeni rubrikaları ilə üzvlərimiz üçün faydalı məlumatlarını əsirgəmədi, rəngarəg materialları ilə oxucularını həm maarifləndirməklə, həm də məlumatlandırmaqla nəşrini davam etdi. Jurnalımızın səhifələrində mütamadi olaraq APFM üzvlərinin məqalələri və müsahibələri dərc edildi. Bu məqalələrdə təcrübəli mütəxəssislər maliyyə mövzuları haqqında öz fikirləri və tövsiyələrini bölüşdü. İlk addımlarını atan gənc maliyyəçilərimiz üçün bu çox vacibdir, çünki onlar müzakirələrə qoşularaq öz yanaşmalarını, öz baxışlarını formalaşdırmış olurlar.

İlin sonunda isə Peşəkar Mühasib Sertifikasiyası imtahanlarından uğur qazanmış dinləyicilərimiz və üzvlərimiz bizi sevindirdi, onlar ilk Peşəkar Mühasib adını qazanmış oldular.

Azərbaycanın azad və xoşbəxt gələcəyi naminə öz bilik və bacarığını əsirgəməyən daim yeniliklər sorağı ilə fəaliyyətini istiqamətləndirən əməkdaşlarımıza yeni-yeni uğurlar arzulayırıq.

2021-ci ili bol uğur və nailiyyətlərlə başa vuran APFM peşəkar komandası olaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni-2022-ci il münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edir və can sağlığı, firavan, xoşbəxt ömür arzulayırıq. Bayramların mübarək, mənim qalib xalqım, doğma Vətənim - Azərbaycan!

Jurnal-108-lowres.pdf

Nuriyyə Novruzova
APFM-in sədri