Xəbərlər
21-28 iyun 2022-ci il tarixində London şəhərində Avroponın və MDB-nin dövlət qurumlarının, beynəlxalq peşəkar mühasib təşkilatlarının, aparıcı şirkətlərinin nümayəndələrinin, mühasibat, vergi, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin iştirakı ilə beynəlxalq tədbir keçirildi. Bu tədbir 2021-2022-ci illər üzrə MHBS-da tətbiq olunan dəyişikliklərin müzakirəsi, maliyyə, daxili nəzarət, mühasibatlıq sahəsində yeni məlumatların əldə edilməsinə həsr olunduğu üçün mühüm əhəmiyyət kəsb edirdi.

23 iyun 2022-ci il tarixində Azərbaycanın nümayəndə heyəti ilə beynəlxalq qurumların nümayəndələri arasında göruş keçirildi. Görüşdə iştirak edən Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmən ilk öncə ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ilə bağlı təbriklərini çatdırdı. O həmçinin Azərbaycanın həmin ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işlərini də xüsusilə vurğuladı. Azərbaycan və Böyük Britaniya arasında strateji xarakter daşıyan münasibətlərin hazırda uğurla inkişaf etdiyini bildirərək həmçinin humanitar sahədə də əlaqələrin əhəmiyyətini və təhsil sahəsində əməkdaşlığın uğurlu nəticələrini qeyd etdi.

24 iyun 2022-ci il tarixində isə St James sarayında ICFM-in patronu- Kent Şahzadəsi Maykl GCVO-nun iştirakı ilə ölkələr arasında qarşılıqlı tərəfdaşlığın qeyd olunmasına həsr olunmuş nahar yeməyi təşkil olundu.

Tədbir ekslüziv xarakter daşıdığı üçün hər ölkədən məhdud sayda nümayəndələr təmsil olunurdu. Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Neft Fondunun, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin, Azərenerji ASC-nin, Azərişiq ASC-nin və APFM-in əməkdaşları tədbirdə iştirak etdilər.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirinin müavini- Həsən İsmayılov çıxış edərək tədbirin əhəmiyyətini bir daha vurğuladı və belə bir möhtəşəm tədbirin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirdi. O qeyd etdi ki, bu gün Azərbaycan-Britaniya əlaqələri müxtəlif sahələrdə genişlənir və keçirilən yüksək səviyyəli görüşlər də əlaqələrimizin möhkəmlənməsində mühüm rol oynayır.

Tədbir ICFM Şərqi Avropada fəaliyyətinin 15-illiyinə təsadüf etdiyi üçün qonaqlara xatirə olaraq maliyyə peşəsinin inkişafına verdikləri töhfələrinə görə diplomlar təqdim olundu.

Azərbaycan üzrə 2021 Beynəlxalq Luca Mükafatı “For Contribution to the development of the Profession” -ICFM-in Azərbaycanda nümayəndəsi- Nuriyyə Novruzovaya təqdim edildi.

Azərbaycan nümayəndə heyəti Kent Şahzadəsi Maykl GCVO-ya təqdim olundu, görüşün sonunda ona Azərbaycanın milli hədiyyələri təqdim edildi və xatirə səkli çəkildi.

Qeyd edək ki, APFM 2007-ci ildən ICB/ICFM-Britaniyanın nüfuzlu peşəkar təşkilatının Azərbaycanda rəsmi nümayəndəsidir. Hazırda APFM “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun qüvvəyə minməsi çərçivəsində müvafiq tələblərdən irəli gələrək Respublikamızda beynəlxalq standartlara uyğun peşəkar mühasib və maliyyə mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi işini daha da genişləndirməkdədir.

Tədbir çərçivəsində müzakirə olunan mövzular mövcud qlobal bazar iqtisadiyyatının tələblərinə əsasən son dövrlərdə dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq baxımından çox mühümdür və beynəlxalq təcrübənin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.

İyul 2022
İyul 2022
İyul 2022
İyul 2022
İyul 2022
İyul 2022
İyul 2022
İyul 2022
İyul 2022