Xəbərlər

26 iyun 2020

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının nümayəndə heyəti Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) videokonfrans formatında təşkil olunmuş 2020-ci il üzrə İllik Ümumi Yığıncağında iştirak edib

İyunun 26-da APFM-in 2016-cı ildən bəri tamhüquqlu üzv olduğu Kiçik və Orta Müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyasının videokonfrans formatında 2020-ci il üzrə İllik Ümumi Yığıncağı keçirilib.

Keçirilən İllik Ümumi Yığıncaqda beynəlxalq quruma üzv ölkələrin peşəkar audit və mühasibat təşkilatlarının nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Palata sədrinin müşaviri və Beynəlxalq əlaqələr komitəsinin sədri Fəqan Qarayev, Palatanın üzvü, “SR Audit Solutions” MMC-nin direktoru – auditor Səftər Vəlizadə və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının sədri Nuriyyə Novruzova iştirak ediblər.

Tədbirdə Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış etmiş, ölkəmizdə şəffaflığın yüksəldilməsi, hesabatlılığın təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın inkişafından danışmışdır.

1994-cü ildə yaradılmış EFAA Avropada və Avropa İttifaqı ölkələrində kiçik və orta ölçülü müəssisələrə peşəkar xidmət göstərən fərdi üzvləri olan milli mühasib və auditor təşkilatlarını özündə birləşdirən vahid təşkilatdır. EFAA-nın Avropa regionu üzrə 320 mindən çox mühasib və auditorun təmsil olunduğu 13 üzvü mövcuddur. 2016-cı ildən etibarən APFM ilə EFAA arasında sıx əməkdaşlıq əlaqələri, dostluq, etimad və qarşılıqlı anlaşma münasibətləri yaradılıb və davam etdirilib. Belə ki, hər iki qurumun təşkil etdiyi tədbirlərdə nümayəndə heyətlərimiz yaxından iştirak etmişlər.

İllik Ümumi Yığıncaqda beynəlxalq qurumun 2019-cu il üzrə illik və maliyyə hesabatları təqdim edilərək bəyənilib, 2020-ci ilin proqnozu və 2021-ci il üçün təklif olunan büdcəsi müzakirə olunub.

İllik Ümumi Yığıncaq EFAA Direktorlar Şurasının 4 üzvünü seçmişdir.

Tədbir iştirakçıları Rumıniya Maliyyə və Auditorlar Palatasının (CAFR) isə həqiqi üzv seçilmələrinə razılıq vermişlər.

Azərbaycan üçün əlamətddar olan xəbər isə ondan ibarətdir ki, İllik Ümumi Yığıncağın qərarı ilə EFAA-nın 2023-cü ildəki Beynəlxalq Konfransına ölkəmiz ev sahibliyi edəcəkdir.

Sonda APFM sədri Nuriyyə Novruzova tədbirin təşkilinə görə EFAA-ya təşəkkürünü bildirdi və qeyd etdi ki, bu möhtərəm tədbirin Azərbaycanda təşkil edilməsi Assosiasiyamız üçün böyük əhəmiyyət kəsb edəcək.

APFM -in beynəlxalq əlaqələri və əhatə dairəsi daim genişlənir. Bu isə respublikamızda təcrübəli mütəxəssislərin artmasına, dünya miqyasında tanınmasına, gənc kadrların beynəlxalq səviyyədə hazırlanması istiqamətində aparılan işlərin uğurla davam etdirilməsinə böyük bir töhfədi.

26 iyun 2020
26 iyun 2020
26 iyun 2020
26 iyun 2020