Finansist

15 noyabr 2021
Əziz oxucularımız,

Jurnalımızın bu nömrəsi üçün hazırladığımız xəbərlər və məqalələr barədə məlumat vermək istəyirik.

Böyük qürur hissi ilə qeyd etmək istəyirik ki, oktyabr ayının 15-17-də tarixi diyarımız Naxçıvanda Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı, Avropa və Asiya ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə beynəlxalq səviyyəli möhtəşəm bir tədbir Mühasiblərin və Auditorların VII-ci Avrasiya forumu keçirilib. Forumda doqquz ölkənin peşəkar mütəxəssislərinin və yerli qurumların nümayəndələri iştirak edib. Tədbirdə Luca Pacolinin şərəfinə təsis edilmiş LUCA - mühasibatlıq, maliyyə və ümumilikdə iqtisadiyyat sahəsində nailiyyətləri tanıyan və tanıdan beynəlxalq mükafatlar təqdim olunub. Forumun iştirakçıları müsahibələrində forumun əhəmiyyəti barədə danışıb, Muxtar Respublikanın hərtərəfli inkişafından söz açıblar. Beynəlxalq səviyyəli tədbirin uğurlu keçirilməsi münasibəti ilə Assosiasiyamızın rəhbərliyini, tədbirdə mükafat almış hər bir iştirakçını, o cümlədən APFM üzvlərimizi, ürəkdən təbrik edirik. Arzu edirik ki, ölkəmizdə hər zaman möhtəşəm tədbirlər, yarışmalar, forumlar keçirilsin. Forum haqqında daha ətraflı məlumatı APFM səhifəsi rubrikasından əldə edə bilərsiniz.

Əziz oxucularımız, müasir dövrdə investorları maraqlandıran mövzulardan biri etibarlı, təhlükəsiz və maksimum gəlir gətirən investisiya portfelinin qurulmasıdır. Balanslaşdırılmış investisiya portfelini qurmaq, ciddi risklər daşımayan və böyük diqqət tələb etməyən stabil və yüksək gəlir mənbəyi tapmaq hər bir investorun arzusudur. Bu axtarışda istifadə olunan maliyyə alətlərindən biri ETF-lər - birjada ticarət olunan fondlardır. Bu nömrəmizdə Crypto Consulting MMC-nin Direktoru, Birgə İnvest MMC-nin Layihələr üzrə baş koordinatoru Elnur Quliyev ETF-in növləri, xüsusiyyətləri haqqında məlumatı diqqətinizə təqdim edəcək.

Jurnalımızın digər rubrikalarında Siz maliyyə fənnləri üzrə yeni dərslərdə iştirak edəcəksiniz, ticarət növləri haqqında məqalə, ekonometrika elminin inkişaf mərhələləri ilə tanış olacaqsınız. Ümid edirik ki, jurnalımızın bu nömrəsi də digəri olduğu kimi Sizə maraqlı və faydalı olacaq.

“Finansist” – Sizindir və daim Sizin xidmətinizdədir.

Hörmətlə, Bağırov Ramil