Xəbərlər
15 dekabr 2015-ci il tarixində Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) tədris mərkəzində növbəti “Açıq qapı” tədbiri keçirildi.

Tədbirə ölkəmizdə fəaliyyət göstərən bütün təşkilatların baş mühasibləri, maliyyə direktorları, mühasibat uçotu, audit və maliyyə-iqtisad sahəsində çalışan mütəxəssislər dəvət olunmuşdu. Tədbirdə iştirak edən iştirakçılara beynəlxalq standartlara keçidlə bağlı bütün zəruri məlumatlar çatdırıldı, respublikamızda bu istiqamətdə aparılan işlər, əldə olunan nailiyyətlər və həmçinin bu sahədə qanunvericiliklə bağlı dəyişikliklər, beynəlxalq assosiasiyalarda təklif olunan üzvlük imkanları və s. barədə geniş məlumat verildi, mütəxəssislərin sertifikatlaşmasının, biliklərinin, peşəkarlıq səviyyələrinin artırılmasının vacibliyi bir daha vurğulandı. Çünki son illərdə bu sahədə qəbul edilmiş çoxsaylı qanun və digər normativ aktların standartlarına riayyət etməkdə, maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasında, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın yüksəldilməsi sahəsində problemlərin həllində onlardan daima innovatorluq , qabaqcıl təcrübənin öyrənilməsi tələb olunur.

Tədbirdə iştirakçılar həm tədrisin özəllikləri barədə, həm də təklif olunan tədris proqramlarının müəllimləri, təcrübə və beynəlxalq statusu barədə də faydalı məlumatlar əldə etdilər, mərkəzin fəaliyyəti haqqında kiçik video- çarx izlədilər və onlar üçün təşkil olunduş “Beynəlxalq mühasibat uçotu” mövzusunda treninqdə ( ustad dərsində) fəal iştirak etdiləri. İştirakçılara “Dinləyici sertifikatı” təqdim olundu.

Qeyd edək ki, mərkəzdə müntəzəm olaraq "Açıq qapı günləri" keçirilir. Bu kimi tədbirlərin keçirilməsi peşəkar mühasiblərə və auditorlara, maliyyəçilərə bu peşənin cari məsələləri və gələcək tendensiyaları haqqında fikir mübadiləsi aparmaq üçün geniş imkanlar verir, yeniliklərin tətbiq edilməsi baxımından isə böyük əhəmiyyət daşıyır.

16 dekabr 2015